Xəbər lenti
Sözün həkimi - Nazilə Gültacın Əsəd Cahangirə təbriki

Bəlkə də söz yaranana qədər hamı eyni millət imiş , gerçək aləmin , dünyanın mənasını o qədər anlamırmış, bir- birilərini yaxşı tanımırmışlar. Məhz söz insanları millətlərə ayırıb. Hərə gördüyünə bir ad qoyub. Bir qəbilənin adamları suya, çörəyə bir ad , başqa qəbilənin adamları başqa bir ad veriblər və s. Beləcə, sözləri bir yerə yığıb cümlə qurublar, mənəvi ruh maddi aləmlə birləşib. Sözün qanadlarında, ta gedib haralardan haralara baş vurub, Yer üzünə yayılıblar.
Məhz sözün sehrində mütiləşir, müdrikləşir insan. İnsanın ən güclü silahı , insanı zalım edən də, kövrəkləşdirən də sözdü. İnsan sözün mənəviyyatına , dərin mənasına vardıqca, dəyişir, uşaqlaşır, böyüyür. Söz dünyası qalaq- qalaq , cild- cild kitablara belə sığışmır. Sözün qədrini bilən, onun daima yaşaması üçün mücadilə edən insanları tarix yaşadır. Sözdən özünə heykəl qoyan insanların nə zamanın gedişindən, nə dünyanın faniliyindən qorxusu yoxdur.
Söz üçün bir haqq divanı, bir də tənqidçilərin divanı var. Tənqidçi sözün – sağlam sözün keşiyində dayanır. Yazılan bədii nümunələrin gözəl və gözəl olmayan tərəflərini incələyir. Söz adamını sözünə məsuliyyətli olmağa, yazılan hər sözün hesabını verməyə çağırır.
Əsəd Cahangir sözün döyünən ürəyinin səsini eşidir, nəbzini tutur, halına yanır. O, ağrıyan sözün bətnindən doğulan Dünyanı bağrına basıb, başına sığal çəkir. “Dünya sözün bətnindən doğulub”- Əsəd Cahangirin “ Kim yatmış, kim oyaq “ kitabından . Yaralı sözə məlhəm qoyur, müalicə edir.İlahi sözün keşiyini çəkir Əsəd müəllim.Sözləri fikrinin süzgəcindən keçirir, yeni mahiyyət qazandırır, məzmun verir.
Əsəd müəllim maddi aləmdə olanların mənəvi təhlilini aparır. O, bütün varlığı, canı, qanı ilə ilahi sözün pərvanəsidir, məcnunudur.
Onu uzaqdan bir tənqidçi, ədəbiyyat adamı kmi tanıyırdım. Yaxından tanışlığım mənim kitab təqdimatımdan başladı. Yeni çıxan kitabımın “Natəvan” da keçiriləcək imza günündə aparıcılıq etməsini xahiş etdikdə, - gətir kitabını tanış olum, cavabımı deyərəm, - dedi.
Bilirdim ki, o, ədəbiyyatın cəfakeşidi. Ömrünü- gününü sözə fəda edən insandır.
Tədbirim çox yaddaqalan oldu. Onun uğurlu olmasında əsas yük Əsəd müəllimin çiyinlərinə düşdü.
Əsəd müəllim ilk baxışdan ciddi adam təsiri bağışlayır. Ancaq yaxından tanış olduqca görürsən ki, onun ciddiyyətinin altında bir kövrəklik , köksünün altında məsum qəlb gizlənib. Gözəl sözün aşiqidir, qəlbi nəğmələrlə doludur. Bu insanda həyat eşqi çox güclüdür, ona tükənməz daxili enerji verən SÖZDÜR.
O, klassik ədəbiyyatdan tutmuş, müasir ədəbiyyatın bütün incilərini dönə- dönə oxuyub tədqiq edir. İnsanlara əsl sözün mahiyyətini anlatmağa çalışır. Özünün dediyi kimi bütövlükdə ədəbiyyatla nəfəs alır. Bədii təfəkkürün alt qatına nüfuz edən Əsəd müəllim dünya ədəbiyyatını incələməklə məşğuldur. O, nəinki tənqidçidir, mən deyərdim ki, həm də təbliğatçıdır. Harda yaxşı əsər yazılıb, yaxşı yazar var, onu tanıdır, təbliğ edir. Bu kitabları, bu yazarı oxuyun, mənən təmizlənin, - deyir. Çünki “ maddi çoxluğun bütün elementləri” sözdə ifadəsini tapıb və tapmaqdadır. Təfəkkürdən süzülən söz mənəvi qata hopduqca, insan kamilləşir, bütövləşir. Əsəd müəllimin istədiyi də budur.
Bu gün əziz dostumuzun 60 yaşı tamam olur. Ömrün zirvəsinə qədəm qoyur. Allahdan istədiyim budur ki, Əsəd müəllimin ilahidən hədiyyəsi dünyanın gözəl sözlərindən ibarət söz çələngi- sağlam ömür, mənalı həyat, ilahi sevgi, tükənməz mənəvi enerji olsun.
Əsəd müəllim deyir” söz SÖZdən səs şəklində maddiləşərək ayrılır”. Məncə, söz həm də SÖZlə səs şəklində mənəviləşərək birləşir.
Dəyərli tənqidçimizə həm maddiləşən, həm mənəviləşən əbədi söz dünyası arzu edirəm.
Nazilə GÜLTAC
Manevr.az ailəsi olaraq dəyərli Əsəd Cahangiri 60 illik yubileyi münasibətilə təbrik edir, həyatında və yaradıcılığında uğurlar diləyirik!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































